Bağça – Abdulla Şaiq

Bağça

Adil zirək uşaq idi,
Həm də bir az şıltaq idi.
Anasının hər işinə,
Bişmişinə, düşmüşünə
Qarışardı. Yazıq ana
Əlindən gəlmişdi cana.
Üç yaşına çatar, çatmaz
Anası dincəldi bir az.
Onu qoydu bir bağçaya.
O gün ağlaya-ağlaya
Getdi; otağa girincə,
Gördü: Solmaz, Noğul, Qönçə
Tofiq, Həsən, Azər, Gülzar
Əllərində oyuncaqlar,
Qazan kimi qaynayırlar,
Adil baxdı heyrət ilə.
Bir az sonra gülə-gülə
Sevinərək, birdən qaçdı,
Bağçada bir oyun açdı:
İtələyib hər uşağı,
Dartıb aldı oyuncağı.
Səs-küy saldı birdən-birə,
Sonra oturdu tez yerə.
Uşaqlar və mürəbbiyə
“Görək, neyləyəcək?” — deyə
Dodaqaltı gülürdülər.
Üz-gözündən uçub kədər,
Adil coşub qaynayırdı,
Öz-özüylə oynayırdı.
Onları öz qucağına
Bir-bir yığıb dedi: — Ana,
Bax, nə yaxşı şeylərim var!
Mənimdir bu oyuncaqlar.
Baxdı uşaqlara sarı
Solmaz dedi: — Oğlan, barı
Dovşanı ver mən oynadım.
— Yox, vermərəm, mənim adım
Adildir, heç oğlan deyil,
Yaxın gəlmə, çəkil, çəkil!
Mən özüm tək oynayacam,
Bu sazı da mən çalacam!
Dınqıldatdı kiçik sazı,
Gözucu süzdü Solmazı.
Uşaqlar güldülər ona,
Adil qışqırdı: — Bax, ana,
Bu uşaqlar gülür mənə.
— Gəl, oyun öyrədim sənə,
— Yox, bəs mənim anam hanı?
Əlindən atdı dovşanı,
Dəli kimi birdən qaçdı;
İndi başqa oyun açdı:
Ağlayırdı, bağırırdı,
Anasını çağırırdı
Ayağını döyə-döyə;
Müdirə və mürəbbiyə
Ona açaraq şirin dil,
Dedilər: — Ağlama, Adil!
Bu qalmaqal nəyə gərək?
Anan bu saat gələcək.
Ağlama, gəl yaxşı bala,
Oyna bizim uşaqlarla.
Bax, nə qədər oyuncaq var!
Həsən, Tofiq, Solmaz, Gülnar.
Oynayın bu Adil ilə.
Nə qədər tutdular dilə
O ağlayıb bağırırdı,
Anasını çağırırdı
Ayağını döyə-döyə.
Müdirə və mürəbbiyə
Zor-güc onu sakit etdi…
Üç gün belə gəldi, getdi…
Axır bağçaya öyrəndi,
Gündən-günə o şənləndi.
Daha yoxdur o şıltağı,
İndi hər gün səhər çağı
Göy şəfəqə boyanınca,
Səhər Adil oyanınca,
Göstərir öz şıltağını,
Yerə döyüb ayağını,
Deyir ağlaya-ağlaya:
— Ana, gedək tez bağçaya!
— Oğlum, tezdir, dayan görək!
— Yox, tez deyil, gedək, gedək!
Vaxtım keçir, ana, tez ol!
Çoxdan gəlib Solmaz, Noğul.
Gəl, bağçamın vaxtı keçir,
Onlar oyuncağı seçir.
Mənə axı pisi qalır,
İndi Həsən sazı çalır.
“Cangülüm” oynayır hamı.
Tez ol, bura ver çantamı!
— Oğlum, tezdir, dayan görək!
— Yox, tez deyil, gedək, gedək!

1951

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.