Bəxtsiz rəfiqəmə – Abdulla Şaiq

Bəxtsiz rəfiqəmə

I

Ey məni çulğalayan dərd, nədən
Bir zaman üz çevirirdin məndən?
Sizsiniz indi mənim sirdaşım,
Ən ağır gündə əziz yoldaşım.
Bəxtiyar günlərim uçdu, getdi,
Könlümə sizləri o yar etdi.
Qəm olub təkcə təsəlli edənim,
Sanki qəmdən yoğurulmuş bədənim.
Zəhmət ilə yuva tikdim sevərək,
Tarümar eylədi cövr ilə fələk.
Söndü parlaq, gözəl ümmidlərim.
Aldı sevdiklərimi çərx mənim.
İndi çox sevdiyim aləmdə mənim
Ruhsuz bir quru qalibdi tənim.
Bir qırıq saz kimi əfsürdə1, həzin,
Gecə-gündüz edərəm nalə, ənin2.
Ah, fəryadimə payan3 yoxdur,
Çünki istəkli o canan yoxdur.
Ah, itirdim elə bir tazə bahar
Ki, mənə bülbüli-gülzar ağlar.
Belədir bu qoca dövranın işi,
Acıdır ağlayışı, həm gülüşü…
Qol-qanadsız sürünürkən yerdə,
Ürəyim dağlı, özüm pəjmürdə,
Mənə zindan görünürkən aləm,
Bu nə hikmətdir, ilahi, bilməm?
İstərəm mən yenə artıq yaşamaq,
İstərəm dərd, cəfalar daşımaq.

 II

Bir dumanlı sabah idi, ürəyim
Çırpınırdı, qəm ilə həmdəm idim.
Eşqlə çırpınan könül diyarı
Məni çəkmişdi bir məzarə sarı.
Ağlayırdım yanıqlı həsrət ilə,
Dərdləşirdim o nazlı afət ilə
Qapanıb bir yeni məzar daşına.
O yaxında uçuq yuva başına
Oturub bir quş etmədə fəryad,
Eyləyir qəmli nəğmələr icad.
Qanadın sallayıb həzin inlər,
Sanki söylər mənim kimi sözlər.
O da sanki mənim kimi nalan,
O da aludəyi-qəmi-hicran.
O da daim mənim kimi ağlar,
Sanki ruhumla aşinalığı var.
Gəl, quşum, gəl səninlə birləşəlim!
Oturub qəmli-qəmli dərdləşəlim!
Sən kimi mən də bağrıqan, yalnız,
İldırımlarla tarümar yuvamız.
Mən də sən dərdliyəm, maraq etmə.
Başqa bir aşina soraq etmə.
Odlu şerimlə mən sənə hər gün
Söyləyim dərdü macəramı bütün.
Sən də nəğmənlə dərdini söylə,
Yaşayaq bu təsəlli ilə hələ.

 III

İki ənis — iki munis yaşardıq azadə,
Yox idi bir qəmimiz, dərdimiz bu dünyadə.
Ayırdı bir-birimizdən fələk sitəmlə bizi,
Bu Şaiqin sənə qan ağlasın müdam gözü.
Sən öldün, ah, vərəm qəlbimi mənim dağlar,
Unutmam, ölsəm əgər, torpağım da qan ağlar.

1912

1 Tutqun
2 Nalə
3 Hüdud

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.