Ata öyüdü – Abdulla Şaiq

Ata öyüdü

Ey oğul, böyüdün kamala çatdın;
Çalışdın, səyinlə bu hala çatdın.
Atıldın həyatın gen səhnəsinə,
Qulağın uymasın hər nəğməsinə.
Sənə bu həyatdır ən böyük məktəb,
O həm çox sadədir, həm də mürəkkəb.
Aldanma, ağlınla hər şeyi ölç, biç!
Yaxşını mənimsə, yamandan vaz keç!
Düşünən ağlın var, duyan ürəyin,
Bunlarla gülümsər hər bir diləyin.
Ağlın bir gözü var, ürəyin min-bir,
Çalış ki, hər işdə olsunlar əlbir.
Bu ona rəhbərlik etsin, o buna,
Aydınlıq saçsınlar həyat yoluna.
Əyriyə baş əymə, cəsur ol, cəsur!
Haqqa möhkəm yapış, fikrində bərk dur!
Hər hissə qapılma, qəlbini bərkit!
Doğrunu doğrular ağzından eşit.
Düşüncə, anlaqdır ağlın köməyi,
Duyğu və xəyaldır könül bəbəyi.
Ən böyük həqiqət xəyaldan doğar,
Dolğun ay ən incə hilaldan doğar.
Bunlarla şənlənir, canlanır həyat,
Şahin tək hər yerdə açar qol-qanad.
Yarımçıq sürünmə, dolmağa çalış,
Biliklə qüvvətli olmağa çalış!..
Yüksəl gündən-günə, bir boyda qalma
İşığı ay kimi günəşdən alma!
Öz zəhmətin ilə yarat hər zaman,
Olma hər tarladan kəsmik1 toplayan.
Bir hünər göstərsən nə gərək qürur,
Qürura qapılmaz sağlam bir şüur.
Yağmurlu bulud ol, nur saçan günəş,
Yanmağa layiqdir hər quru küləş.
Özünü kamaldan kamala yetir,
Torpaq ol, al-əlvan çiçəklər bitir.
Əkdilər, sən biçdin, indi də sən ək,
Mərd olan borcunu ödəsin gərək.
Sənə yüz vermişsə bu ana torpaq,
Sən min ver, ölçünü, hesabı burax.
Yalnız bir çiçəklə açılmaz bahar,
Bu elin qədərsiz ehtiyacı var.
Tək sənin gücünlə yaşamaz vətən,
Özündən qüvvətli vətəndaş görsən
Ürəkdən sev onu, hər an hörmət et,
Xeyir verməsinə sən də xidmət et.
Qulağından həsəd sırqası asma,
Əlindən tutanın başından basma.
O sənə, xalqına köməkdir, oğul.
Çay kimi bulanma, əngin dəniz ol!..
Doğanaqdan keçər hər uzun örkən,
El böyüklərinin qədrini bil sən.
Dənizə bir damcı bilik çox azdır,
Bu əsrin, tarixin gözü doymazdır.
Dahilər yaratmış bu şanlı torpaq
Tərəqqi biliyə bağlıdır ancaq.
Yoluna nur saçan istiqbalın var,
Çox çəkməz, hər yerdə min günəş doğar.
Bir məşriq kəsilər hər yan, hər bucaq,
Şənliklər içində gülər hər ocaq.
Getdikcə daha da şənlənər ölkə,
Əriyər keçmişin qalığı ləkə.
Yer gülər, göy gülər, həyat gülümsər,
Üzünə yeni kainat gülümsər.
Ey düşgün çağımda qəlbim, köməyim,
Budur son istəyim, ən son diləyim:
Bütün qüvvətinlə silahlan, oğul,
O böyük bayrama sən də hazır ol!
O günə uca bir diləyin olsun,
Sənin də bir damcı əməyin olsun!..

1945

1 Saman parçası

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.