Ana – Abdulla Şaiq

Ana

Ana, ana — bu kəlməcik hər körpənin ən ilkin
Öyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin.
Ana, ana — bu kəlmədə saf, doğma bir duyğu var.
O duyğudan qüvvət alıb canlanır bu insanlar.
O duyğunun eşqidir bu ürəklərdə qaynayan.
O duyğudan dolar qəlbə sevgi, ümid və inam.
Ana qəlbi saf göylərdə şəfqət saçan səhərdir.
Könül çalan gözəllərdən ana daha dilbərdir.
Analarla işıqlanır vətənin hər bucağı,
Ən sevimli bir beşikdir anaların qucağı.
Ata ağıl, şüur isə, ana — coşqun ürəkdir,
Sevgilərin qaynağıdır, ən böyük bir diləkdir.
Analardır hər bir xalqın bilik, əxlaq ölçüsü!
Heç sönməyən bir məşəldir anaların sevgisi!

1945

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.