Allah, allah, bu bütün hansı könül xanəsidir – Abdulla Şaiq

Allah, allah, bu bütün hansı könül xanəsidir

Allah, Allah, bu bütün1 hansı könül xanəsidir?
Hansı bir bəxtəvərin sevgili cananəsidir?

Olmasın dur2 ləbimdən o şəkər ləl-ləbi,
Bəxtəvər başına hər kimsə ki, peymanəsidir.

Yandı pərvanə kimi şəmi-rüxündə bu könül,
Söyləyin hansı könül o üzün pərvanəsidir?

Mahi-taban kimi o nur saçan zöhrəcəbin3,
Hansı şaiq könülün gövhəri-yekdanəsidir?

Hər tərəfdən ki, verirlər ona əfsun, görəsən,
Cəzb edən qəlbini, yarəb, kimin əfsanəsidir?

Söylədim: Şaiqi divanə-dil etdi hüsnün,
Dedi: get, sən kimi bir çoxları divanəsidir!

1 Gözəlin
2 Uzaq
3 Parlaq alnın; Zöhrə ulduzu kimi parlaq

 * * *

Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!
Atəşdə yox o suz1 ki, bu qəlbü təndə var!

Mən tək gözəl yolunda edən canını fəda,
Nə Qeysdə, Kərəmdə, nə də Əhriməndə var!

Səndən yetişsə hər nə bəla canə nuşdur,
Çünki gözüm sən kimi simin-bədəndə var!

Şair o gül dodağını yaquta bənzədir,
Haşa, bu rəngü buy, nə ləl Yəməndə var!

Ətri-rüxünü bəzi də reyhana bənzədir,
Reyhan nədir, bu ətr nə müşki-Xütəndə var!

Qəddin yanında sərvi-səhilər də alçalır,
Bir sərv qamətin kimi, haşa, çəməndə var!

Şaiq, bu aləm içrə sənə göz dikib, gülüm,
Meyli nə əqrəbadə, nə şövqi-vətəndə var!

1 Yanma; od

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.