Ailə həyatımın on altı illiyi – Abdulla Şaiq

Ailə həyatımın on altı illiyi

 Səməd Vurğuna ithaf edirəm

Vurğunum, get-gedə gəncləşir könül,
Ömrümün bağçası açır qönçə gül.
Görəli on altı çiçəkli bir yaz,
Daşqın bir dənizəm, könlüm bulanmaz.
Sanmayın saçlarım ağarmış, bozdur,
Bağçada güllərdən qonan ağ tozdur.
Bir təzə baharam, düşsəm də qışa,
Çiçəkli dağlarla girdim yarışa.
Arxamı dayadım ağır ellərə,
Uymadım bulanıq axan sellərə.
Elimi, ölkəmi sevən qəlbim var,
Canımdan artıqdır bu el, bu diyar.
Ürəyim şəfəqdən oynaqdır, şəndir,
Dan yeri sökəndə açan gülşəndir.
İşığı ay, günəş ruhumdan alır.
Ulduzlar gözümdən aydınlıq çalır.
Dünyada nə həsəd bildim, nə də kin,
İpəkdən yumşağam, poladdan kəskin.
Uymadım sərvətə, ada, şöhrətə;
Uymadım yol vuran keyfə, işrətə.
Elimin, ölkəmin doğma oğluyam,
Maskam da olmamış, nəyəmsə buyam!
Sarsılmaz inamım və iradəm var,
Bunlardır yaşadan məni bəxtiyar.
Hər zaman zindəyəm1, hər zaman gəncəm,
Şahları mat edən canlı şətrəncəm.
Hey qüvvət alıram sıra dağlardan,
Onunçün qocalmaq bilmərəm, inan!
Vurğunum, olsa da əlli beş yaşım,
Keçmişdə fəlakət çəkdisə başım,
Düşdümsə ən çətin eniş, yoxuşa,
Həyat yollarında mənimlə qoşa
Bu gün ən vəfalı bir yoldaşım var,
Yaşarıq həm sadə, həm də bəxtiyar.
İnqilab içində verdik əl-ələ.
Qurduq ən səmimi, sağlam ailə.
Bu gün üç pioner — üç uşağım var.
Qarşımda şən, yeni bir həyat qaynar.
Gül-çiçək açılır gülüşlərindən,
Dan yeri sökülür görüşlərindən.
Alnında parlayır əsrin ulduzu.
İkisi el oğlu, biri el qızı.
Tutmuş əllərindən bu mühit, bir-bir
Onlara həyat və bilik öyrədir.
Vüqarla səslənir: — Atıl irəli!
Gördükcə onlarda coşan hünəri,
Baxdıqca onlara, boydaşlarına,
Baxdıqca səadət saçan hər yana,
Oynadır qəlbimi sevimli bir hal,
Coşur duyğularım, yüksəlir xəyal.
Zehnimdə başqa bir aləm canlanır,
Köksümün içində bir çıraq yanır.
Atalıq qürurum artır get-gedə,
Deyirəm qardaşlıq, dostluq elində
Mən də bir kişiyəm — öz növrağım var,
Üç qızıl əsgərim, üç uşağım var!

1936

1 Diriyəm, təzəyəm

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.