Ahu baxışlı qız – Abdulla Şaiq

Ahu baxışlı qız

Füsuli-ərbəədə1 mən fəda olum yayə,
Mənim güzarımı saldı Qara Kəlisayə.
Həqiqi cənnət idi ormanı, dağı, dərəsi,
Edərdi fəxr gözəllikdə ərşi-əlayə.
Çiçəkli bağçası vardı, geniş xiyabanlı
Ki toplanırdı hamı o səfalı məvayə2.
Qızardı çalğı, qız-oğlan maraqla oynardı,
Durardı seyrə dalanlar bütün tamaşayə.
O cənnət içrə bir ahu baxışlı qız gördüm,
Hörüklü saçlarını bağlamışdı qövsayə.
Baxan o gül üzünə bac verərdi səbrindən,
Düşərdi həsrət ilə başqa bir təmənnayə.
Üzüldü taqətim artıq, tükəndi səbr, qərar,
O canlı sərv-xuramandı, mən quru sayə.
İnandım indi, yox imiş qüsuru Sənanın
Ki satdı din ilə imanı nazlı tərsayə.
Baxıb o hüsni-cəmalə, deyərdim: eşq olsun
O incə fırçalı rəssamə, öylə ustayə.
Görüncə heyrətimi, halımı o nazlı mələk
Gözüylə başladı artıq işarə, imayə3.
Təbəssüm ilə xiyabanə doğru meyl etdi,
İşıq salırdı üzü göydə parlayan ayə.
Yaxınlaşınca ona dərdimi bəyan etdim,
O qönçə ləblərini açdı nitqi-guyayə4:
“Sən ey cəmalıma çılğın kimi baxan məcnun,
Bu eşqim etdimi artıq səni qəmə dayə?
Dayanma, aç bana söylə, haralısan, kimsən?
Səbəb nədir ki, yolun düşdü bu xərabayə?”
Dedim ki: “Türkəm özüm, iştə dinim islamdır.
Yabançı idi könül eşqə, dərdə, sövdayə.
Kəməndi-zülfünü salmış qəza bu gərdənimə,
Çəkə-çəkə gətiribdir məni bu məvayə”.
Bəyəndi nitqimi, göftarimi, dedi: “Apres!”.
Bu aşiqanə cəvabə, bu nitqi-guyayə,
Ucaldı taleim, ol sərvi-naz qıldı kərəm
Şu xəstə aşiqini çəkdi xəlvəti cayə.
Bununla sərvi-xuramanım istəyirdi demək:
“Yazıq, bu məxzəni-hüsnümdən5 al ələ mayə”.
Dedim: fəda bu günə, saətə, ilə, ayə,
Düçar qıldı məni sən kimi dilarayə.
Kəməndi-zülfdə könlüm, — dedim, — olur pamal,
Fəqət səadət ilə salmış üstümə sayə.
Mətanət ilə dözərdim fəraqə, bilsəydim
O ah-zarın olur intihası bu payə.
Cünuni-eşqinəm, ey könlümün sevinci mənim,
Fəda şu mərhəmətə, hüsni-xülqə6, simayə.
O gül dodaqlarını qoy mən eyləyim tərif,
Keşiş çəkərmi mənim tək ona gözəl ayə?
Üzün çiçəkdir, açılmış o baği-hüsnündə,
Təranə bülbülüyəm, mailəm bu bağçayə.
O dadlı ləl-ləbindən cahanda sərxoş olağ
Vurarmı busə ləbi-camə, çeşmi-səhbayə?7
Fəda o qəmzəli, ceyran baxışlı gözlərinə,
Fəda o nazlı xuraman, sərvi-balayə8.
Aman, aman, bana böylə xumar-xumar baxma!
Ki od vurur baxışın xərməni-şəkibayə9.
Sıra-sıra düzülən o xədəngi-müjganın10
Dağıtdı könlümü yeksər, gətirdi qovğayə.
O zülfün olsa əlimdə nə bakim11 əjdərdən12
Bütün cahan tapınar öylə hüsnə, sövdayə.
İnan, Məsih də vurulmuş o sərv qamətinə,
Nihan baxar üzünə, həmd edər təalayə.
Cahanda aşiq olan sən kimi dilarayə,
Gedərmi cənnətə huri, deyə, təmənnayə!..
Sənin yolunda da, dilbər, gərək mən ad çıxarım,
Düşə adım bu yaxın və uzaq hər ölkayə.
Bu Şaiqin ola dillərdə böylə əfsanə:
Çevirdi üz qəmi-tərsadə13 dəşt-səhrayə.
Gülə-gülə dedi Şaiq: “Əsirgəməm canımı,
Sənin kimi belə bir xoş nəvalı şeydayə”.

1904

1 Dörd fəsildə
2 Yerə, məskənə
3 İşarəyə
4 Danışmağa
5 Gözəllik xəzinəmdən
6 Əxlaq gözəlliyinə
7 Qədəhin gözünə
8 Uca boya
9 Səbr xərməninə
10 Kirpiyinin oxları
11 Qorxum
12 Əjdahadan
13 Xaçpərəst qızının qəmində

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.