Abbas Səhhət – Yuxu

Yuxu

Zindan kimi, qəbir kimi qaranlıq –
Bir gecəydi, hər şey, hər kəs yatmışdı.
Çulğamışdı hər tərəfi dumanlıq,
Aləm ölüm yuxusuna batmışdı.
Bu zülmətdə mən müztərib, pərişan,
Səsdən, işıqdan axtarırdım, nişan.

Birdən-birə bu sakitlik pozuldu,
Oynaşdılar qan yağdıran bulutlar.
Bir fırtına yox, bir qiyamət oldu.
Düşdü şəhablar, ildırımlar, odlar.
Mən qorxudan bihuş olub yıxıldım,
Qəş aləmində bir tamaşa qıldım.

Gördüm ki, bir rəna çəmənlikdəyəm,
Dörd yanımda var al-əlvan çiçəklər.
Bənövşəlikdə, yasəmənlikdəyəm,
Könül açır yavaş əsən küləklər.
Uçur, qonur ağaclara bülbüllər,
Əfşan-əfşan durmuş yaşıl sünbüllər.

Fəvvarələr atır, axır bulaqlar,
Yeridiyim yollar parlaq, sədəfli,
Açılmış güllər, göy, yaşıl zanbaqlar.
Bir cənnətdir bu gülşən hər tərəfli
Heyran-heyran bu yerdə seyr edirdim.
Bilməyirdim vəli, hara gedirdim.

Yanımda bir pəri gördüm nagahan,
Mənə lütfü nəvazişlər eylədi.
Göstərdi bir tərəfdə bir sayəban:
“Otur burda, bu yer sənindir” – dedi.
Belə deyib qayib oldu nəzərdən,
Mən o bağı seyr edirdim o yerdən.

Hərçənd çox nəşəlidir məskənim,
Yer, göy, ətrafım olmuşdu qərqi-nur.
Nədənsə çırpınırdı könlüm mənim,
Oturmuşdum mən o yerdə bihüzur.
Çox keçmədən heç bilmirəm nə oldu,
Birdən o dadlı mənzərə pozuldu.

Bir zülmatlı bulud qopdu şimaldan,
Puç eylədi, dağıtdı ol cənnəti.
Mən oyandım çox dəhşətlə o haldan.
Xatirdəykən o yuxunun ləzzəti,
Durdum gördüm işıqlanıb dan yeri,
De: xeyr olsun bu yuxunun təbiri.

1912

Hits: 4

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.