Abbas Səhhət – Yol Verin!

Yol verin!

Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!
Avropadan Tehrana, yollandı Nasirəlmülk!

Çox şükrlər, çıxartdı hər müşkülü asanda,
Yoxdur daha şuluqluq əsla, baxız, İranda,
Qoyun gedib kef çəkə bir az Firəngistanda,
Çoxdan qalıb İranda, yubandı Nasirəlmülk.

Məşrutənin məhsulu dedik bir azca kaldır,
Yox, yox, dəyib yetişmiş, daduş, çuval-çuvaldır.
Əyanları İranın bütün sahibkamaldır,
Görmürsünüzmü nə şöhrət qazandı Nasirəlmülk?

İran-zəmini etdi bir kişvəri-səadət,
Nasirəddin deyil ki, boş-boş edə səyahət.
Çalışmaqdan yetişmiş vücuduna nəqahət,
Çox işlədi, yoruldu, usandı Nasirəlmülk.

Görmürsənmi İranı saldı necə nizamə?
İnanmarsan, götür bax qəzetdə telqramə,
Səd afərin, min əhsən bu səyə, ehtimamə,
Vətənpərəstlikdə adlandı Nasirəlmülk.

Nə şahsevən, nə kürdlər heç kəndləri dağıtmır,
Nə hakimlər, nə xanlar xalqın qanın axıtmır,
Şuluqsa da nə yapsın, başarmayır, güc çatmır,
Söz yoxdu, xeyli kamil insandı Nasirəlmülk.

Nə dərdi var, daduşcan, bundan sonra İranın,
İranlılar nə xoşbəxt məxluqudur cahanın,
Tay deyil onlara əhli Hindin, Əfqanın,
Vətən əldən getməyə qoyandı Nasirəlmülk?!

Bu ölkədə qədimdən bir adətdir “be mən çe?”1
Bir fərz ki, İranda qiyamətdir “be mən çe?”
İran nizam götürməz, kifayətdir “be mən çe?”
Bu cümləni getdikdə qullandı Nasirəlmülk.

1912

1 “Mənə nə” (farsca)

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.