Abbas Səhhət – Şeir Yaxud Mer

Şeir yaxud mer

Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şübhəmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik. Bax, budur, “Ələmdar” adlı qəzetdə beləcə bir şey yazılmışdır. Həmin meri yazmaqdan qabaq bilmək gərəkdir ki, “Ələmdar” nə deməkdir? Yəni bayraq tutan, habeləcə, bununla biz biləcəyik ki, türk aləminin bayraq tutanı nə qanacaq və nə fikrin sahibidir! Pəh, pəh afərinlər olsun, Allah yaman gözdən saxlamasın!
Gələlim şairin kamalına. Daha orası şayani-heyrət bir şeydir. Əgər böyürdən bir nəfər qayıda, deyə ki, “heyf ol kağız-mürəkkəbdən. Otlamaq yaxşıdır belə təbdən” nahaq demiş olar.
Biz ancaq o merlərdən bir-iki sətir nümunə üçün yazıb vıstavkaya göndərmək üçün oxucularımıza təqdim edirik. Mer bir qəsidədir və beləcə başlanır:

Əl-həqqu caə həmdən, ya eyyuhəl-əfazil
Qülvəllikey tüsafir min indəna əl batil1.
Təxlisi-Mülkə çarə varsa bu kəşməkəşdə,
Fikrimcə əvvəl Allah, sonra duayi-kamil.

Mənasının nə demək olduğunu soruşsanız, onu nə mən bilirəm, nə siz bilirsiniz, nə də yazan özü bilir. Ancaq bu qədər var ki, sözün təhərindən tərifnamə yazıb bir böyük şəxsi mədh edibdir, tainki puldanmuldan alıb cibişdanına qoysun.

Bu merlər çox gözəl olduğundan bizim də xoşumuza gəldi ki, ona bir nəzirə yazaq və beləcə də yazdıq:

Bilməm nasıl çobansan, ey merbafi-cahil –
Kim, bal kimi şirindir səncə səmi-həlahil.
Qoşmaqlığa kotanə, yaxud ki, bizləməkçün,
Heç bir naxırda olmaz, hərgah sənə mümasil.
Təsdiq edər təbabət kim, olmusan müxəbbit.
Rəyin cünuni-mütləq, fikrin xəyali-batil.

Türklər nicat tapmaz heç şəkki-şübhə yoxdur.
Ta vardır ortalıqda min sən kimi ərazil.
İdrakını qaraltmış xaliq, odur ki, yatdın –
Bunca çalındı zurna, düşdü yerə qəvafil.
Övsafını kitabət etmək kifayət eylər,
Zira ki, öz qəsidən olmuş o vəsfə şamil.

1 Ey fəzilətli adamlar, haqq dua və ilahi ilham kimi yerə endirmişdir. Deyin ki, pis adamlar bizdən uzaq olsunlar (ərəbcə).

1912

Hits: 3

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.