Abbas Səhhət – Şamaxı Zəlzələsi

Şamaxı zəlzələsi

Keçmişdi keçən şəb gecədən bir neçə saət,
Məhtab ilə olmuşdu cahan qərqi-lətafət.
Qəndili-dirəxşan qəməri göydən hüveyda,
Bir səhneyi-şadi edib afaqdə peyda.
Bir sümtü sükut, aləmə müstəvlivü qalib.
Küllən hamı zərrati-cahan uyquya talib,
Olmuşdu təbiət elə müstəğrəqi-əskan,
Etmişdi bu aramı onun aləmi heyran.
Tutmuşdu sükunət ilə bir həddi-nihayət,
Ta kim, bəşərin ruhuna etmişdi sirayət.
Damani-zilali-şəb edib aləmi məstur,
Tərk etməyə amalını aləm hamı məcbur.
Yer bəstəri-rahətdə, cahan uyquya mail,
Lakin bu sükunət özü bir türfə şəmail.
Qayətdə gözəl bir gecə, qayətdə fərəhnak,
Qayətdə səfabəxş, nəhayətdə tərəbnak.
Bir novmi-qəriq içrə cahan cümlə giriftar,
İlla bu sükunətdə kəvakib gözü bidar.
Ol mənzəreyi-dilkəşə min çeşmlə guya
Bir riqqət ilə çərx özü eylərdi təmaşa.
Lakin dili-aşüftəvü şuridəvü şaiq,
Birdən edib ol mənzərədən qəti-əlaiq,
Ətrafına olduqda çü nəzzarəsi mətuf,
Bir özgə xəyalata edib himməti-məsruf.
Çarpışdı, ilişdi gözə bu türfə səharı,
Şirvanın o divanə olan şəhrü həsarı…
Düşdükcə o istəkli vətən səmtə nigahım,
Əflakə ucaldı o zaman şöleyi-ahım.
Of, istəməm artıq görəm ol qəmli məkanı.
Baxdıqca yaxar şöleyi-ahım dilü canı.
Bir növ olub zəlzələdən yeksərə viran,
Tapmaz dəxi abadlığı surəti-imkan.
Daşlar qarışıb torpağa, evlər mütəlaşi.
Xaki-siyəh ətfali-sitəmdidə fəraşi.
Hərdəm gətirir mənzərəsi qəlbi sütuhə,
Bir qədr camır san yığılıb daməni-kuhə.
Bir məskən uzaqdan nəzərə gəlsə də qabil,
Yaxşı nəzər etdikdə görürsən mütəmail,
Hər yanda böyük xəndəkü hər kuçədə min dağ.
Əzbəs tökülüb bir-birinin üstünə torpaq.
Murdarlıq ilə həp dolu əsvaqü məabir.
Yağmurlu həvalərdə dolaşmaq mütəəzzir.
Yay fəsli tutar çən kimi toz ruyi-həvanı,
Tozdan dolu xalqın ciyəri, məğzi-dəhanı.
Əsdikcə yel afaqı tutar buyi-üfunət,
Heç vəchlə mümkün deyil imkani-sükunət.
Dünyada olurmuş belə zillətlə məişət?!
Aya, bu imiş ruzi-əzəldən bizə qismət?!
Aşüftə edib xalqı məgər zəlzələ hövli,
Yox, yox! Buna baisdi fəqət məhfəzəquli!
Yox kimsə ki, biçarələrin dadına çatsın,
Ərbabi-ğinanın başı, yarəb, yerə batsın!
Hərçənd yığılmışdı yarım milyon ianə,
Bəl etdi onu bir neçə əyani-zəmanə.
Ol məhfəzələr şərri əgər olmasa zail,
Tapmaz mərəzi-cəhli-vətən Səhhəti-kamil.

1906

Hits: 1

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.