Abbas Səhhət – Şair, Şeir Pərisi Və Şəhərli

Şair, Şeir pərisi və Şəhərli

Səfalı bir mayıs axşamı… Günəşin qürubundan bir az sonra saf, lacivərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir meşənin kölgəli ağaclarının arasından süzülərək yaşıl çəmənlərin və ən yaxından axan suyun səthini işıqlandırır, suya ən yaxın bir yerdə şair tək-tənha oturub məhtaba qarşı təmaşayi-təbiət edərkən birdənbirə qalxıb deyir:

İllər, aylar gəzirəm boş-boşuna, bikarə,
Laubalı yaşayış etdi məni avarə…
Bilmirəm mən nə üçün bülhəvəsəm, binəngəm,
Öz halımdan özüm, Allah da bilir, diltəngəm.
Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə,
Təkü tənha bu çəmənzardə qalmaqdan isə,
Daha xoşdur gedib öz dərdimə dərman etsəm,
Qəmi-fərdanı düşünsəm, onu saman etsəm.

Ayağa durub getmək istədikdə, ildırım təraqələri kimi səslər eşidib ətrafdakılar şairin nəzərində titrər və əhvalı pərişan olur. Bu əsnada yaxınındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. Əlindəki santur deyilən musiqi aləti ilə şairə xitabən:

Şeir pərisi

Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl,
Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl.

Kölgə şairə yaxınlaşaraq, əlindəki musiqi alətini təqdim edərək deyir:

Al, bu santurumu çal, gəldi bahar əyyamı,
Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı.
Öp şirin ləblərimi, guşeyi-əbrulərimi,
Sırma geysulərimi, nərgisi-cadulərimi.
Vəcdə gəl, nəğməsəra olmağa ağaz edəlim,
Gəl bərabər ucalım, göylərə pərvaz edəlim.

Şair

Sevgilim, eşqü həvəsdən daha mən bizarəm,
İndi bir başqa dilarama pərəstişkarəm.
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
Biri əkmək, biri başmaq, biri paltar diləyir.
Verdiyi qərzi də hər gündə tələbkar diləyir.
Mən bu halətlə necə bir də olum qafiyəsənc?
Get bir asudə adam tap, daha vermə mənə rənc.
Atmışam mən həvəsi, eşqi, dəxi dilbəri də,
Səni də, şeri də, ilhamı da, dəftərləri də.

Şeir pərisi

Bəs, a nankor, sənə bəxş eylədiyim təbü hünər?

Şair

Səndən ol barədə çox razı idim yoxsa məgər?
Təbi-şeri mənə verdikdə həvəsnak etdin,
Hüsnə məğlub edərək, könlümü qəmnak etdin.
Görməsəydim səni mən, düşmənə kam olmaz idim.
Uymasaydım sənə, mənfuri-avam olmaz idim.
Mən də bir tacir olub toplar idim simü zəri,
Xalqca varlığımın onda olardı dəyəri.
Öldüyüm vaxt verərlərdi mənimçin ehsan,
Xalq söylərdi: əcəb adəm idi haci filan.
Ya ki, bir molla olub soymağa məxluqatı.
Xahişi-nəfslə şərh eylər idim ayatı,
Mənə təzim edərək söylər idi xasü əvam:
“Hamiyi-şəri-mübin, naşiri-dini-islam”
Zülfünə lakin o gündən ki, əsir oldum mən,
İştə bax, müflüsü möhtacü fəqir oldum mən.
Daha yoxdur həvəsim nəğmələrə, əşarə,
Yox, bulardan əbədən dərdimə olmaz çarə.
Sənə dildadə olandan bəri bədbəxt oldum,
Tay-tuşum içrə siyəhruzü siyəhrəxt oldum.

Şeir pərisi

Hankı taledir, a nankor, bu fəna dünyada,
Sənə mən verdiyimə faiq ola mənada?
Mənəvi dürlü məziyyət sənə ənam etdim,
Münkəsir xatirini məhbəti-ilham etdim.
Mən qutardım səni süflani əziyyətlərdən.
Müstəfiz etmədəyəm göydəki nemətlərdən,
Müqtədirsən ucalıb ərşə qədər getməkdə.
Cənnəti, həm də cəhənnəmləri seyr etməkdə.
Olmuşam həmdəmi-ruh istədiyin vəxt sənə,
Sən deyirsən ki, qıyıb verməmişəm bəxt sənə?

Şair

Bəli! Sən saldın, əzizim, bu yaman hala məni,
Həsrət etdin paraya, izzətü iqbala məni.
Tifli-nabaliğ ikən məktəbə etdikdə davam,
Sən təcəlla eləyib qəlbimə qıldın ilham.
Əvvəl asan görünürkən gözümə dərsi-hesab,
Birər əqrəb olub ərqam mənə verdi əzab.
Sonra gündən-günə divanəsər etdin məni sən,
Məktəbimdən soyudub dərbədər etdin məni sən.
Dərsi, bəhsi buraxıb, şerə həvəskar oldum,
Hərzəkar, aşiqi-şuridəvü biar oldum.
Keçdi əyyami-şəbabım, yenə sən çəkmədin əl,
El-ulus təninə rəğmən oxudum nəğmə, qəzəl.
Hansı bir kəsbə yapışdım ki, yar olsun tale,
Sən çıxıb qarşıma hər ləhzədə oldun mane.
Qoca bir millətin amalına qəlbimdə məkan –
Verib etdin məni azarkəşi-bari-giran.
Sənə məftun olaraq əmrinə təqlid etdim,
Hər fəna işdə müsəlmanları tənqid etdim.
Təlxkam etdi qərəz əhlini şirin süxənim,
Ölkədə get-gedə bədxahlarım artdı mənim.
Bir zaman çıxmadığından dili-naşadımdan,
Döydülər, söydülər, əl çəkmədim irşadımdan.
Görmüb islah əsəri surəti-halımda mənim,
Düşmən oldu mənə axırda əyalım da mənim.
İndi xeyrim nədə isə, onu dərk eyləmişəm,
Haydı yavrum, daha şairliyi tərk eyləmişəm.

Şeir pərisi

Şairim! Qəm yemə, alami-cəhan fanidir,
Cavidani yaşayış ləzzəti-ruhanidir.
Sən mükafatını insanlığa xidmətdə ara,
Əbədi zövqü, təsəllini həqiqətdə ara.
Kölgəyə aldanaraq sevmə cəfa aləmini,
Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini.
Aləmin fani qüyudatına pabənd olma!
Zəhmətindən usanıb eyşinə xürsənd olma!
Uçma alçaqlara, sən tairi-ülviyyətsən,
Qaç əsarətdən əgər aşiqi-hürriyyətsən.
Sən gərək rahi-həqiqətdə cahandan keçəsən,
Xanimandan keçəsən, baş ilə candan keçəsən.
Şair oldur ki, həqiqətlərə dildadə ola,
Şairin fikri, xəyalı gərək azadə ola.
Gəl mənimlə aparım övci-səmavata səni,
Orada nail edim dürlü füyuzata səni.
Orada könlün əlaiqdən olur varəstə,
Sənə təqdim edər əfvaci-mələk güldəstə.
Orada hurü pərilərlə edərsən xəndə,
Bəxtiyarlıqla yaşarsan əbədi fərxəndə.

Şair

Ey əzizi-dilü can, ey fərəhi-qəlbi-məlul!
Edərəm iştə bu təklifini şükranla qəbul!
Tabeəm indi sənə, nəryə aparsan, gedərəm,
Necə ilham edəsən, öylə təğənni edərəm.
Tək cahanın qutarım möhnətü alamından.
Gəlmişəm təngə məlali-səhərü şamından.
Al məni şəhpərinin üstə, apar balayə,
Oradan ta ki, həqarətlə baxım dünyayə.
Dilrüba nəğmələrim ruha fərəhbəxş olsun,
Ta sözüm sineyi-ərbabi-dilə nəxş olsun.

Şair bu sözləri vəcd və istiğraq halında söyləyərək bihuşanə yıxılıb hərəkətsiz qalır. Görünməkdə olan bu səmavi sima nəzərdən qaib olur. Şair aşiqanə bir halda mat-məbhut qalmış ikən şəhərli qiyafəsində bir cavan zahir olub, şairə yaxınlaşıb diqqətlə ona baxdıqdan sonra qərib bir təbəssümlə öz-özünə:

Şəhərli

Buna bax, gör necə yatmış burada asudə,
Yazmayır, işləməyir, vaxtı itir bihudə.
Bənzi solğun, halı pozğun, hərəkətsiz, məbhut,
Canlı meyyitmi, deyim, ya ki, diri bir tabut?

Şair onun sözünü eşidərək qapanmış olan gözlərini açdıqdan sonra durub oturur və deyir:

Şair

Həm də məcnunsifət, aludeyi-qəm, məsti-qəram,
Bunu da söylə ki, təsvirciyin olsun tam.

Şəhərli

Yaxşı təsvirdir, əvət, söylə, nə halətdir bu?
Ölüsən ya dirisənmi, nə kəsalətdir bu?

Şair

Düşkünəm çox, nə edim?

Şəhərli

Qalx, kişi, aç bir gözünü,
Bulanar könlü bu halda görən olsa üzünü.

Şair

Di, buyur, get!

Şəhərli

Utanırsanmı heç ətvarından?
Xəbərin varmı fəna şiveyi-rəftarından?
Belə ciddi və mühüm vəqtdə ərbabi-hünər
Sən kimi atilü batil oturar yoxsa məgər?
Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq,
Hər kimin daş kimi yoxdur ürəyində qatılıq,
Millətin halını gördükdə gərəkdir yansın,
Dərdinə qalmağı daim özünə borc sansın.
Təbi-şerin ki, sənin şöhrət edib dövranə,
Məsiyətdir baxasan bunca qəmə biganə.

Şair
Məndə varmış tutalım, sən dediyin fəzlü hünər,
Mən nə iş yapmalıyammış, ya əlimdən nə gələr?

Şəhərli

Bu nə axmaq danışıqdır, kişi, sən şairsən,
Şil deyilsən ki! Yazıb işləməyə qadirsən.
Tərcüman olmaq üçün giryələrə, xəndələrə,
Salı vermiş səni xəllaqi-cahan bəndələrə.
Qalx, oyan, cürət elə, rədd kimi fəryad et!
Bu fəlakətdə qalan millətinə imdad et!
Görməyirsənmi bu biçarə vətəndaşlarını,
Bacı-qardaşlarını, sevgili dindaşlarını –
Zülm zəncirinin altında çəkir işgəncə?
Eyibdir sən uyasan gəncəfəyə, şətrəncə.
Gecə bulvarda, klublarda, günüz bağlarda –
İtə vaxtın, bitə ömrün, həp oyuncaqlarda.
Mənfəət verməyi bildikdə, bacardıqda sənə –
Borc deyilmi edəsən nəfli xidmət vətənə?
Ananın dərdinə övlad şərik olmazmı?
Ananın halı vəxim olsa, oğul solmazmı?
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Boylə mövsümdə yatan kimsələrə ar olsun.

Şair

Anladım mətləbini, etmə məzəmmət bica,
O böyük işləri ancaq yapar ərbabi-düha.
Mən zəif qəlbli bir qorxağam, aciz, tənbəl,
Xalqa xoş gəlmək üçün nəzm edərəm nəğmə, qəzəl.
Həm də yazdıqlarımın əksəri namövzundur,
Rəbtsiz, həşv zəvaidlə bütün məşhundur.
Hanı məndə o kəyasət, o dərayət, o zəka,
Qoca bir millətə ta qalxıb olan rahnüma?
Sizcə şairlik, ədiblik, görünür, səhl işdir,
Xeyr, əfkarınız ol barədə çox yanlışdır…

Şəhərli

Demirəm dahi ol, iblağ elə bir tərzi-nəvin,
Yaxud inşad elə söylənməmiş əşari-mətin.
Tərzi-təhrirdə mən söyləmirəm nadirsən,
Deyirəm yazmağa madam ki, sən qadirsən.
Nə gərəkdir yazasan faidəsiz nəğmə, qəzəl,
Yoxmu könlündə məgər gizli, böyük, milli əməl?
İştə öz fikrini ibraz edərək mümtaz ol!
Laəqəl millət ilə nalədə həmavaz ol!
Sayılırsan vətən övladlarının bir fərdi,
Vətən, imdadinə iştə çağırır hər fərdi.
Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otur, həm də ləçək sal başına.
Ər-qadın, yaşlı-cavan, zorlu-zəif, şah-gəda,
Hər kəs etsin gərək imkanı qədər borcun əda.
Şəbi-yeldadə necə kim, ufacıq ulduzlar,
Nur saçmaqla qaranlıq gecəni yaldızlar.
Sən də duzsuz, yaramaz, nasəlis əşarın ilə,
Lakin atəşli, ürəkdən çıxan əfkarın ilə
İldırımlar saçaraq fırtınalar icad et!
Nəzmə çək qəmli təəssürlərini inşad et!

Şair

Sözlərin həqdir, əvət, zənn edirəm arifsən,
Lakin əhvali-mühitə yəqin az vaqifsən.
Vətənə, millətə sanma deyiləm dildadə,
Yazmaq olmaz fəqət olmazsa qələm azadə,
Həqqə, namusa, nicata, qələmə and olsun,
Ərşə, fərşə, günəşə, sübhi-dəmə and olsun,
Çox həqiqət mənə təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
Danışarkən həqi göydən yetişən buyruqla,
Tıxanıb sözlərim ağzımda qalır yumruqla.
Doğru söz söylədiyim haldə məsul oluram,
Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram.
İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş,
Necə uçsun qanadı sınmış əzilmiş bir quş?
Çəkmədən bari-qəmi rişteyi-canım üzülür,
İczdən xuni-cigər yaşlı gözümdən süzülür.
Daha tabavəri-qəm olmadığıyçün ürəyim,
Dərgəhi-həqdən odur sonku niyazım, diləyim:
Bizlərə səbr, mətanətli ürək etsin əta,
Ta azıb etməyəlim rahi-məhəbbətdə xəta.

1916

Hits: 32

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.