Abbas Səhhət – Fəryadi-Intibah Yaxud Amali-Vətənpərvəranə

Fəryadi-intibah yaxud amali-vətənpərvəranə

Ayıl, ey ümməti-mərhumə, ayıl!
Ayıl, ey milləti-məzlumə, ayıl!
Ayıl, ey bülbüli-gülzari-vətən,
Nəğmən ilə ola bidar vətən!
Sən ki, şəhbazi-yədi-nüsrət idin,
Tayiri-sidreyi-ülviyyət idin.
Kim səni didəsi giryan eləmiş?
Kim səni halı pərişan eləmiş?
Sındırıblar nə üçün balü pərin?
Hanı ol ruhfəza nəğmələrin?
Qanadın altına qoyma başını,
Tökmə gül arizinə göz yaşını.
Qalx, elə övci-səmayə pərvaz,
Bəsdi bu qəflət ilən xabi-diraz.
Ayıl, ey xabi-qəmə alüdə!
Bu qədər yatma dəxi asudə!
Aç gözün, gözlərinin qurbanı!
Bir tamaşa elə, gör dünyanı!
Xaricilər qabağa düşdü tamam,
Nə yaman günlərə qaldı islam.
Haləti-nəzə yetişmiş millət,
Məhv, nabud oluyor bu ümmət.
Ya ilahi, sənə yetməz nə əcəb,
Bu qədər naleyi – “yarəb, yarəb?”
İndi millət, mədəniyyət dəmidir,
Rahi-ümmətdə həmiyyət dəmidir.
Qədəməndaz olalım meydanə,
Kəsbi-ürfan edəlim mərdanə.
Qalxalım, biz dəxi bir ad edəlim,
Dövri-əslafımızı yad edəlim.
Oxuyaq, elm oxumaqlıq dəmidir,
İndi aləm dəxi elm aləmidir.
Cəhl edib milləti pabəndi-bəla,
Qılalım “Nəşri-maarif”lə rəha.
Qəfləti, cəhli fəramuş edəlim,
Şahidi-elmi dərağuş edəlim.
Kəsbü-elmü şərəfü nam edəlim,
Mədəniyyət sarı iqdam edəlim.
Bir tərəqqi eliyək dünyadə,
Misli nadidə ola ğəbradə.
Qibtəbəxşi-həmeyi-aləm olaq.
Əşrəfi-növi-bəni-adəm olaq…

1906

Hits: 3

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.