Abbas Səhhət – Dəvət

Dəvət

Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.
Elm ilən hasil olur izzət, tapar millət nicat.
Səy edin ta bizlərə əhsənlər etsin kainat,
Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat.
Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!
Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Bax, əcanib bərrü bəhrə elm ilə sultan olub,
Cəhlü qəflətlə vəli islam evi viran olub.
Dideyi-dinpərvəran bu hala xunəfşan olub.
Çarə axtarmaq gərək, həm əhdü həm peyman olub.
Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!
Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Bu qədər bəsdir təməddün gülşənində xar olaq,
Dəm o dəmdir xabi-qəflətdən dəxi bidar olaq,
Tərk edək həm ixtilafü iftiraqı, yar olaq,
Bu vətən evladının əhvalına qəmxar olaq.
Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!
Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Arxadaşlar! Çox fənadır aşikara halımız,
Qəmfəza bir mənzərə ərz eylər istiqbalımız.
Payimal olluq bu növ keçsə gər əhvalımız,
Babi-məktəbdən olur hasil qamu amalımız.
Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!
Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Vaqif olmaqlıq gərəkdir ehtiyaci-millətə,
Ariz olmuş dürlü afətlər mizaci-millətə,
Səhhət istərsən əgər, səy et əlaci-millətə,
Elmdir, billahi, mucid ibtihaci-millətə.
Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!
Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

1906

Hits: 3

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.