Abbas Səhhət – Aclıq Davası

Aclıq davası

Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlar üçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra baş-gözü yarılmış, rəngi-ruyi saralmış, kürdlər içinə qaçmış, orada öz igidliyini tərif etmək üçün bu cür meydan açmışdır:

Hazıram keçməyə mən canımdan,
Keçmərəm dəbdəbəvü şanımdan.
Kimdə var cürət ötə yanımdan,
Mənə gəl çıx deyə İranımdan,
Xəbəri yox məgər əvanımdan?!

Yığmışam bir neçə yüz gümrahı,
Tanımazlar əbədən Allahı!!.
Mənəm İranın ikinci şahı,
Qorxmayın xəncəri-bürranımdan,
Tez alar əcrini dərbanımdan.

İki qardaşım əgər etdi fərar,
Tutmuşam təxtü-hökumətdə qərar,
Mən olan yerdə kimin cürəti var?
Dəm vura məsnədi-xaqanımdan,
Ya ki, üz döndərə peymanımdan?!

Həmədan şəhrini tarac elədim,
Taciri müflisü möhtac elədim,
Cütçüsün kəndlilərin ac eylədim,
Baş çəkən ribqeyi-fərmanımdan,
Su içər navəki-peymanımdan.

İstəsəm cümlə İranı qıraram,
Kim füzulluq edə boynun vuraram,
Kim danışsa tutub ağzın cıraram,
İstəsə bəhs edə üsyanımdan,
Ya ki, söhbət aça vicdanımdan.

Kimə nə meyvəmizi özgə dərir?
Babamın əkdiyi tumdur göyərir,
Bu sayaq dadlı, gözəl meyvə verir.
Rəşt, təbrizü Xorasanımdan,
İsfəhan ilə Loristanımdan.

Cavabın qaytara hər kəs sözümün
Ataram nuri də olsa gözümün,
Mülki-İran özümündür, özümün!
Hazıram keçməyə mən canımdan,
Hərgiz əl çəkmərəm İranımdan!

1912

Hits: 0

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.