Abbas Səhhət – Əşar

Əşar

“Kəlniyət”, ağrın bu qoca naqqala,
Bircə sözüm var, onu yaz jurnala,
Söylə bizim tənbələ, yat, qal dala,
Yorğanı çək başına, sən çulğala,
Barmağını burnuna sal, qurdala.

Ay hacı, ay məşhədi, ay kəblayı,
Ay əmi, ay molla, a bəy, ay dayı,
Qəlyanı çək, tiryəki at. İç çayı,
Yax hənanı, ver uruğu saqqala,
Get hamama, yat, yuxula, qal dala.

Elmü ədəbdən usanıb nifrət et,
Çıx küçəyə, dadlı söyüşlər eşit,
Molla təki sən qoyun ardınca get,
Çıx qayadan at özünü parçala,
Düş, yıxıl öl, yat, yuxula, qal dala.

Etmə həvəs məktəbə ya sənətə,
Heç biri dəyməz buların bir çetə,
Adət elə fəhləliyə, zillətə,
Hambal olub daş daşı, çap, yorğala,
Sonra uzan, yat, yuxula, qal dala.

Olma xoruz, get toyuq ol, banlama,
Etmə məzəmmət, özünü danlama,
Vəzü nəsihət eşidib anlama,
Söz deyənə saqqalını yırğala,
Rahət uzan, yat, yuxula, qal dala.

Kursu qutar, qoltuğa al papkanı,
Qaşlarının üstünə qoy şapkanı,
Batsa elin, çək başına yorğanı,
Tərbiyəni böylə verir uşkola,
Yoxsa sən azdın yolunu, ay bala?

Vur qumarı, iç çaxırı, nuş elə.
Milləti-islamı fəramuş elə,
Mariya, Sonyanı dərağuş elə,
Hər kəsə ki, çatdı gücün, tapdala,
De, yalanı, doğru sözü daldala.

Quldur olub ev tala, qanlar axıt,
Açsa kim ağzın, təpəsin vur, dağıt!
Çeynə ətin qardaşının xırta-xırt,
Xəncəri çək, vur, iki böl, şappala!
Rahət uzan, yat, yuxula, qal dala.

1912

Hits: 0

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.